Milli Şura sədri Cəmil Həsənli 1 noyabr parlament seçkilərində deputat olacaq şəxslərin siyahısını yayıb. O iddia edib ki, apardığı araşdırmalardan sonra millət vəkili seçiləcək şəxslərin kimliyini ayırd edə bilib.
Hafta.az-a açıqlama verərək Cəmil Həsənlinin siyahısına münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Araz Əlizadə tarixçi professora sual ünvanlayıb:
“Cəmil Həsənli iki dəfə deputat seçilib, açıqlama versin görüm o, hansı siyahıya əsasən mandat alıb, niyə cavab verə bilmir bu suala, niyə yayınır? Mən bununla bağlı ona dəfələrlə sual ünvanlamışam, amma nədənsə cavab ala bilməmişəm. Çünki verə biləcəyi cavabı yoxdur. İndi açıqladığı siyahıya mənim adımı salıb. Mən seçicilərimlə uğurlu seçki kampaniyası aparmağa iddialıyam və hazırkı dairədə şanslarımı yüksək hesab edirəm. Buna kiminsə açıqladığı siyahıya dəxli yoxdur”.
"125-lər" siyasi klubunun rəhbəri İlhamiyyə Rzayevanın adı da qeyd olunan siyahıda mövcuddur.
Xanım namizədin sözlərinə görə, o, Cəmil Həsənlinin siyahını hansı kriteriyalara görə tərtib etməsindən xəbərsizdir:
"Haqqında danışdığınız siyahının müəllifi mən deyiləm, bu barədə Cəmil müəllimin özü danışsa daha yaxşı olar. Mən şəxsən bilmirəm siyahıda nəyə istinad olunub, hansı kriteriyalara əsaslanaraq hazırlanıb. Namizədliyimin qeydə alınması üçün komandamla gərgin iş həyata keçirmişik, imzatoplama kampaniyasında şəxsən iştirak etmişəm. Aldığımız hər bir imzamın arxasındayam. Dairəmizdə hər şey qanunauyğundur, heç bir pozuntu halları qeydə alınmayıb. Proses belə davam etsə inanıram ki, seçicilərim mənə səs verəcəklər”.

