Tural Abbaslı yaradacağı partiyanın Müsavatdan daha demokratik olacağını vəd edir
Tarix: 11-02-2016, 11:32 | Çap et
Tural Abbaslı yaradacağı partiyanın Müsavatdan daha demokratik olacağını vəd edir
“Ağ blok”un yaradılması ilə bağlı bütün gedişat mətbuatın gözü önündə olub, heç nəyi ictimaiyyətdən gizlin etməmişik. Bizim Müsavat Partiyasından ayrılmaq kimi bir planımız yox idi. Müsavat qurultaya getdi, uzun illərdən sonra ilk dəfə idi ki, yeni başqan seçilirdi və partiya yeni dönəmə başlamalı idi. Amma nəticə gözlənilən kimi olmadı və partiyadaxili intriqalar intensivləşdi. Proseslərin bu cür cərəyan etməsi bizi öz partiyamızı yaratmağa sövq etdi. Bizdə hər şey başqa cür olacaq və təməl prinsiplərimiz demokratik dəyərlərə söykənəcək”. Bu sözləri “Kaspi”yə açıqlamasında “Ağ blok”un təsisçisi, Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı yaradacağı partiyanın hədəf və məqsədlərindən danışarkən dedi. Bildirdi ki, siyasi arenaya yeni simalarla, gənclərlə gəlməyin vaxtıdır. Çünki artıq sükan arxasına 1989-cu il meydan hərəkatından tanınan simaların deyil, yeni, gənc şəxslərin keçməsini dövr özü tələb edir: “Müsavat Partiyasının qurultayında namizəd irəli sürərkən ümidlərimiz başqa idi və yarışda kifayət qədər güclü şəkildə iştirak etdiyimizi düşünürəm. Təəssüf ki, elektoratın böyük əksəriyyəti eyni yaşda olduğu üçün gənc komandamız məğlub oldu, kifayət qədər səs toplaya bilmədik. Amma bu məğlubiyyət bizi sarsıtmadı və küsmək kimi bir şey ağlımızdan keçmədi. Düşündük ki, yeni rəhbərlik Arif Hacılının simasında formalaşırsa, yəqin ki, gənclərin də bu komandada iştirakı təşkil olunacaq, yeni siyasi kurs müəyyən ediləcək. Bunun nəticəsində isə daha yaxşı demokratik mühit formalaşacaq. Təəssüf ki, az müddət sonra məlum oldu ki, Arif Hacılı nəinki partiyadaxili demokratiyanı inkişaf etdirmir, hətta bu günə qədər formalaşmış demokratik ənənələrin əleyhinə çıxır və partiya daxilində avtoritar rejim qurmağa çalışır. Faktiki olaraq, başqanlıq seçimlərində iştirak etmiş 4 namizəddən 2-ni partiyadan kənarlaşdırdılar”.

T.Abbaslı nəzərə çatdırdı ki, yeni rəhbərlik qurultaya qədər onun komandasında təmsil olunmayan, onu dəstəkləməyən heç bir partiya funksionerinə layiq olduğu etimadı göstərmədi. Hətta partiya daxilində qruplaşma siyasəti davam etdirildi: “Qurumda qeyri-sağlam mühit formalaşdırıldı. İstər Məclisin, istər nəzarət təftiş komissiyasının, istərsə də Divanın təşkilində bu kimi məsələlər aydın göründü. Biz bir müddət belə hallara qarşı mübarizə apardıq və demokratik mühiti qoruyub saxlamağa çalışdıq, avtoritarizmin qurulmasının əleyhinə çıxdıq. Sonradan gördük ki, bu, mümkün deyil və belə bir şəraitdə artıq enerji sərf etməkdənsə, öz partiyamızı qurmaq qərarına gəldik. Düşündük ki, daxili mübarizəyə itən vaxt və güclə siyasi arenaya yeni formatla çıxa bilərik. Demək olar ki, fəaliyyətə başlamışıq. Bilirsiniz ki, 2015-ci il parlament seçkilərində ayrıca qurum kimi iştirak etdik, blok şəklində qatıldıq. Partiya yaratmaq istiqamətində də işlər irəliləyir. Güman edirəm ki, təxminən may ayında qurultayımızı keçirib partiyamızın yaradılmasını rəsmən elan edəcəyik”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttahın haqqında səsləndirdiyi fikirlərə gəlincə isə, müsahibimiz Müsavat Partiyasından yalnız Arif Hacılının fikirlərini ciddiyə aldığını bildirdi: “Ondan başqa heç kimin dediyinə münasibət bildirmək istəmirəm. Müsavat rəhbərliyində olan insanların əksəriyyəti mən orda rəhbərlikdə olarkən sıravi üzvlər idilər. Hətta bəziləri mənim tabeliyimdə olan adamlar idilər. İndi durub onların fikirlərinə bu və ya digər formada münasibət bildirmək istəmirəm, onlara opponent olmağa ehtiyac görmürəm. Çünki deyilənlər mənim üçün sadəcə, maraqsızdır. Onlar mənim üçün keçmiş mərhələdir. Bəlkə də, onlar özləri siyasi gündəmə gəlmək və ya opponentlik etmək üçün hansısa fikirlər səsləndirə bilərlər. Amma mən bunun marağında deyiləm. Nə istəyirlər danışsınlar. Biz öz partiyamızı yaratmaqla məşğuluq”.

Blokun təsisçisi yaradılacaq partiyanın nə Müsavatla, nə də başqa partiya ilə mübarizə aparmayacağını söylədi. Nəzərə çatdırdı ki, Müsavatla rəqabət aparmağa ehtiyac yoxdur: “Əslində, partiyanın nizamnaməsi kifayət qədər demokratikdir. Sadəcə olaraq, onu icra etmək üçün siyasi iradə lazımdır ki, onlar bunu etmirlər. Biz öz partiyamızda maksimum şəkildə demokratik qaydalar tətbiq edəcəyik. Funksional fəaliyyətlərdə, idarəçilikdə, təmsilçilikdə demokratiya əsas prinsip olacaq. Partiyamızda siyasi ideologiya müsavatçılıq olacaq. Bu, ümumən Azərbaycanın mili ideologiyasıdır. Mühafizəkar-demokrat ideoloji xətt yürüdəcəyik. Çalışacağıq ki, indiyə qədər proseslərə cəlb olunmamış müxalif gəncləri ətrafımıza toplayaq. Fərqli fəaliyyət növü və yeni simalarla qısa zamanda siyasi arenada öz yerimizi tutacağıq. Müsavatla rəqabətə gəlincə, o, illərin partiyasıdır. Amma analiz etsəniz görərsiniz ki, qurultaydan sonra Müsavat gücünün ən azı, 60-70 faizini itirib. Faktiki olaraq, qurultaya qədər qazanılmış dividentləri xərcləməklə məşğuldurlar. Əminəm ki, bizim onlarla yarışmağa ehtiyacımız olmayacaq. Çünki onsuz da özləri özlərini xeyli zəiflədirlər. Kiminsə bizdən güclü və ya zəif olması fəaliyyətimizdən asılıdır. Zaman özü hər şeyi göstərəcək. İndidən qəti nəsə demək düz olmaz”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net