
Hacıqabulda 500 nəfərə yaxın işsiz rəsmi qeydiyyatdan keçib. Son günlər insanların Məşğulluq İdarəsinə müraciətlərinin sayı artıb. Buna da səbəb müxtəlif qurumlardan vakant iş yerlərinin təqdim olunmasıdır.
İdarənin rəhbəri Çingiz Həsənov “Azadlıq Radiosu”na müsahibəsində deyib ki, «Azəriqaz»dan 20, SOCAR-dan isə 30 boş iş yeri verilib. 250 işçi isə «yaşıllaşdırma»ya, mənzil-istismar idarəsinə lazımdır.
“Amma hamısı deyir ki, «məni qaz idarəsindəki, SOCAR-dakı işə göndər». Bu qədər adamı qaz idarəsinə, SOCAR-a necə göndərim?”, - idarə başçısının sözlərinə görə, əksəriyyət yüksək maaş arzusu ilə məhz bu qurumlara işə düzəlmək istəyir.
Hacıqabulun özündə qaz idarəsinə 45 işçi tələb olunsa da, Çingiz Həsənov bu idarədə təklif olunan maaşın həcmini bilmir: “Bunu bilmirəm. Amma «yaşıllaşdırma»da nə qədərdir, bilirəm. İşçiləri orada yığandan sonra böləcəklər, mənzil-istismara, «yaşıllaşdırma»ya. Maaşı da orda təyin edəcəklər”.
İdarə başçısının sözlərinə görə, işsizlərin söyləfiklərinin əksinə olaraq, heç bir təşkilatda 100 manat maaş təklif edilmir. “100 manatlıq maaş yoxdur. Sadəcə, hamı yüngül iş axtarır. Necə olur, mən gedib badımcan əkirəm, yoldaşım badımcan əkir, pomidor əkir, sən də get ək də. İcra hakimiyyətinin tabeliyində olan müəssisələrdə 171 boş iş yeri var. 70 işçi çoxmənzilli binaların təmiri, 100 işçi abadlıq işləri üçün lazımdır. Ancaq hamı SOCAR-da işləmək istəyir. Bu SOCAR-da Hacıqabul üçün nə qədər iş yeri var?” – Ç.Həsənov belə deyib.

