"MTN işi" ilə bağlı həbs edilən Vidadi Zeynalovu Əli Abdullayev əvəz edəcək
Tarix: 2-02-2016, 11:08 | Çap et
"MTN işi" ilə bağlı həbs edilən Vidadi Zeynalovu Əli Abdullayev əvəz edəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni aparat rəhbəri təyin edilib. ANS PRESS-in məlumatına görə, nazirliyin bir müddət öncə həbs edilən aparat rəhbəri Vidadi Zeynalovun yerinə Əli İzzət oğlu Abdullayev təyin edilib. Bu barədə nazir Ramin Quluzadə əmr verib.

Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir.

Nazirliyin bundan əvvəlki aparat rəhbəri Vidadi Zeynalov “MTN işi” ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
V.Zeynalov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net