“Artıq nazirlər, iri çaplı məmurların hamısı prosesləri başa düşüb”
Tarix: 25-01-2016, 15:09 | Çap et
“Artıq nazirlər, iri çaplı məmurların hamısı prosesləri başa düşüb”
Prezident İlham Əliyev keçirdiyi son iki müşavirədə ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərindən danışdı. Dövlət başçıs çıxışlarında həm də enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə diqqət yetirdi. Məhz bu dövrdə həyata keçiriləcək yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdiyini göstərdi.

Dövlət başçısı qarşıdan gələn etapda görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verdi. Bir sıra ekspertlər hesab edir ki, Prezident İlham Əliyevin nitqinin təhlili bütöv bir böhrandan çıxma konsepsiyasıdır.

Bəs Azərbaycan dünyanın üzləşdiyi bu böhrandan hansı şəkildə çıxacaq? Ümumiyyətlə, ölkədə yaranmış hazırki iqtisadi situasiya nə vaxta qədər davam edəcək? Böhrandan minimum itki ilə çıxmaq üçün hökümət nə kimi layihələr həyata keçirəcək? Böyük enerji layihələrindən gələn gəlirlər iqtisadiyyatımıza hazırki durumda nə qədər yardımçı ola bilər?

Bu suallara cavab verməyə çalışan politoloq Mübariz Əhmədoğlu hafta.az-a açıqlamasında bildirib ki, hazırda ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı da, Fransa da problemlərlə üzləşib. Ekspert hesab edir ki, Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsi enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına formalaşır. Mübariz Əhmədoğlu deyir ki, elə bunun üçün neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir:

“Artıq prezidentin təyin etdiyi nazirlər, iri çaplı məmurların hamısı başa düşür ki, ölkənin düşdüyü vəziyyət, dünyada baş verən neqativ proseslər və baş verənlərin Azərbaycana təsiri, təhlükəli həddə çatıb. Ölkə başçısı cənab İlham Əliyev isə o təhlükəni görür və açıq şəkildə həmin problemlərin üzərinə gedir. Özü bütün məsələlərə operativ şəkildə müdaxilə edir. Əgər qərarlar tez-tez dəyişdirilirsə, bu da prezidentin vəziyyətə birbaşa müdaxiləsinin məhsuludur. Əvvəlcədən qəbul edilmiş qərarlar mövcud şəraitlə ayaqlaşmayanda belə ölkə başçısı operativ olaraq həmin qərarı dəyişdirir. Bir sözlə, hər şey prezidentin birbaşa nəzarətindədir. Yanvarın 18-ə qədər dövlət başçısı ölkənin sosial-iqtisadi vəziyyətinə həsr olunmuş iki müşavirə keçirib. Baxın, ölkə prezidenti təhlükəni hansı şəkildə analiz edib; Yanvarın əvvəllərində bütün dünya rəhbərləri istirahətdə idilər amma prezident iş yerində idi. Nazirlərlə vəziyyətdən çıxış yolunu müzakirə edirdi. Milli Məclisin qəbul etdiyi qanunlar, prezidentin Davos forumundakı çıxışı, dünyada gedən proseslərə verdiyi qiymət göstərir ki, Azərbaycan böhrandan minimal itki ilə çıxacaq”.

Mübariz Əhmədoğlu həmçinin qeyd edib ki, hazırda Azərbaycan üçün önəmli hadisələr baş verir:

“Biz gələcəkdə bundan çox qürurla bəhs edəcəyik. Təsəvvür edin, Ukraynadan gələn yük Azərbaycandan keçərək Çinə gedəcək. Bu 20 ildir ki, bizim arzuladığımız yoldur. Ukraynada baş verən proseslərdən dolayı seçim Azərbaycanın üzərində oldu. Bu böyük siyasi bir dividentdir. Əgər bu proseslər bir qədər də sürətlənsə, neftimizin olub-olmaması bizi maraqlandırmayacaq. İkinci geosiyasi yol İran-Azərbaycan xəttidir. İran prezidenti və onun komandası Azərbaycanla münasibətlərə böyük dəyər verir. Tehrana sanksiyalar tətbiq edilərkən bu ölkənin ən çox təmasda olduğu dövlət də məhz Azərbaycan idi. İndi də bu ölkə Fars körfəzindən Qara dənizə, oradan da Avropaya çıxmaq üçün bizdən keçəcək. Bu da ölkə üçün böyük gəlir mənbəyi deməkdir. Bütün bu uğurların arxasında isə ölkə başçısı İlham Əliyev dayanır. Azərbaycanın müstəqil siyasət apardığına inan Ukrayna, İran kimi dövlətlər böyük geosiyasi layihələrinin bizim ölkəmizdən keçməsində maraqlarını gizlətmirlər. Biz dünya iqtisadi böhranından dolayı nə qədər pul itirmişiksə, ona bərabər pulları da qazanmaqdayıq. Hələ üstəlik Azərbaycanın qazı da 2017-ci ildən artıq pul gətirməyə başlayacaq. Baş verən proseslər göstərir ki, ölkə rəhbərliyi kompleks şəkildə addımlar atır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net