Dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Mərkəzi Bankın son qərarını qaçılmaz edib. Lakin bu, o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək.
SalamNews-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AZƏRTAC-a müsahibəsi bildirib.
Ə.Həsənov qeyd edib ki, hökumətimiz ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini – monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir.

