Türkiyənin Moskva səfirliyi qarşısında etiraz aksiyası olub.
ANS PRESS-in məlumatına görə, aksiyada yüzlərlə insan iştirak edib. Mitinqin keçirilməsinə səbəb isə ötən gün Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkmən dağı yaxınlığında Türkiyə tərəfindən vurulmasıdır.
Mitinqə gələn insanların əllərində "Arxadan vurulan zərbə", "Türkiyəyə getmirəm" şüarlı plakatlar olub. Bundan başqa, onların bəziləri qollarına qara lentlər bağlayıb, bəzilərinin əlində isə səmada təyyarənin partlayış anından olan fotolar olub.
Rusiya təyyarəsinin Türkiyənin Hərbi Hava Qüvvələrləri tərəfindən vurulmasına Çeçenistan da öz etirazını bildirib. Belə ki, ölkə başçısı Ramzan Kadırov öz "Twitter" səhifəsində Türkiyəyə qarşı çıxaraq, yazır:
"Türkiyə hərbi təyyarəsi Suriyanın üstündə uçuş edən və terroristləri bombalayan Rusiya təyyarəsini vurub. Rusiya prezidenti Vladimir Putin bu insidenti "kürəyə zərbə" adlandırıb. Türkiyə hadisədən dərhal sonra NATO-ya müraciət edib və təşkilat da onu dəstəkləyib. Amma Vladimir Putin bilsin ki, şəxsən mən, Çeçen Respublikasının rəhbəri, eləcə də, bütün çeçen xalqı əmr gözləyirik. Buna bizim kifayət qədər gücümüz də var. Mən şübhə etmirəm ki, Türkiyə etdiyi bu hərəkətə görə, hələ uzun müddət peşman olacaq".
Ötən gün Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus döyüş təyyarəsi - "Su 24" Türkiyənin Hərbi Hava Qüvvələrləri tərəfindən vurulub.
Bir müddət əvvəl Rusiya döyüş təyyarələri türkmənlərin sıx yaşadığı əraziləri bombardman etməsindən sonra Türkiyə bu ölkəyə nota verərək "sərhəd təhlükəsizliyimizi pozsanız, biz də sizin təyyarələri vurarıq" xəbərdarlığı etmişdi.
Rusiya prezidenti baş verən hadisədən sonra çıxış edərək bildirib ki, Su-24 təyyarəsi İŞİD-i bombalamaq üçün həmin ərazidən keçib. Prezident onu da vurğulayıb ki, Türkiyənin bu hərəkəti Rusiya-Türkiyə münasibətləri üçün "ciddi nəticələr"ə gətirib çıxaracaq.

