
"Avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalardan istifadəyə görə, 169 sürücü cərimələnib".
Bu barədə ANS PRESS-ə Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə əsasən, avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkaların istifadəsinə verilən icazə noyabr ayının 15-də başa çatıb.
"Qeyd olunan gündən bu günə qədər biz hər gün reydlər keçiririk. Artıq 169 sürücü məsuliyyata cəlb edilib. Bu reydlər həm Bakı, həm də Bakı ətrafı 12 rayon üzrə həyata keçirilib. Baxmayaraq ki, geniş ictimaiyyət qarşısında sürücülərə bununla bağlı xəbərdarlıq edilib, təəssüflər olsun ki, bəzi sürücülər yadlarından çıxdığını, çoxları avtomobillərini uzun müddət qarajda saxladıqlarından bu qərardan xəbərsiz olduqlarını deyir. Bu həmin sürücüləri məsuliyyətdən azad etmir və bütün sürücülər 150 manat civarında cərimə ödəməli olurlar".
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi onu da əlavə etdi ki, bu gün yol hərəkətində istismar edilən nəqliyyat vasitəsi standartın tələblərinə uyğun olmalıdır.
Qeyd edək ki, cari ilin may ayının 1-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib. Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapının şüşələrinə) jalüz çəkilməsindən söhbət gedə bilməz.
Sonda qeyd edək ki, qaydalara riayət etmək hər birimizin borcudur. Odur ki, sürücülər diqqətli olsalar daha yaxşı olar. Əks halda, dolanacağın çətin olduğu bir vaxtda 150 manatlarından keçməli olacaqlar.

