Cəlilabad təhsili reanimasiya şəraitindədir. Rayonun təhsil sektoru ən ağır günlərini yaşayır.
Vizual.az xəbər verir ki, rayon Təhsil Şöbəsində baş verənlər araşdırılmağa başlanıb.
Məlumatda bildirilir ki, artıq üçüncü aydır Maliyyə Nazirliyi Cəlilabad rayon Təhsil Şöbəsini yoxlayır:
"Yoxlama müddətini bir ay da uzadıblar. Cəlilabadda təhsil artıq dizini yerə atıb. Rüşvət və korrupsiya halları tüğyan edir. Təhsil şöbəsinin mühasibatlığı yoxlama komissiyasının qarşısında girinc qalıb. Artıq noyabr ayıdır, amma hələ də dərs yükünün tarifləşdirilməsi aparılmayıb. Cəlilabadlı müəllimlər hələ sentyabr ayının maaşını almayıblar”.
Bu azmış kimi, yoxlamanı yola salmaq üçün rayonun üç mindən çox müəlliminin hər birinin boynuna 50-100 manat arasında rüşvət vermək kimi eybəcər bir tələb qoyulub:
"Bu, təxminən 3 milyon manatdan çox pul eləyir. Kimsə birdən-birə varlanmaq üçün Cəlilabad təhsilini dizə çökdürür".
Məlumatda deyilir:
"Cəlilabad rayon təhsil şöbəsində heç zaman belə açıq-saçıq şəkildə rüşvət faktoru at oynatmayıb. Prezidentin rüşvətə qarşı mübarizənin zərurətindən danışdığı bir zamanda belə bir cinayətə qol qoymaq qanunlara və prezidentə qarşı çıxmaqdır.
Maliyyə Nazirliyinin yoxlama komissiyası əməllərini ört-basdır etmək üçün Cəlilabad müəllimlərindən toplanılan külli məbləğdə pulun Heydər Əliyev Fonduna köçürüləcəyini bildirirlər. Onlar bu addan sui-istifadə edirlər. Lakin yığılan pulların əvəzinə heç kimə ödəmə qəbzi verilmir.
İki aydan çox maaş almayan müəllimlərə hədə-qorxu gəlirlər ki, kim tələb olunan rüşvəti verməsə, şəxsən onun sənədləri yoxlanılacaq və ödənilmiş birillik əmək haqqı tutulacaq.
Bu məqsədlə rayon təhsil şöbəsinin işçiləri ayrı-ayrı məktəblərə "emissar" təyin ediliblər və onlara tələb olunan məbləği qəpiyinədək toplamaq tapşırılıb. Bu vəzifəni müvəqqəti olaraq İlham Salmanova tapşırıblar.
Cəlilabad təhsili ən ağır günlərini yaşayır. Bu, məktəblərin texniki təchizatından tutmuş tədrisin vəziyyətinə qədər bütün sahələri əhatə edir. Yayda məktəblərin çoxu təmir edilmədi.
Alar kənd 3 saylı tam orta məktəb tam yararsız bir binada yerləşir. İstilik sistemi yoxdur. Sinif otaqları hər il müəllimlərin və şagirdlərin şəxsi vəsaitləri hesabına qızdırılır. Hətta sobaları da müəllimlər özləri alırlar. Şikayət edilməsinə baxmayaraq, istilik sistemi quraşdırılmır və quraşdırılmayacaq".


