
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov bir həftədən çoxdur işə çıxmır. Bu barədə JAM.AZ-a TKQ-dəki mənbələr məlumat veriblər.
Onların bildirdiyinə görə, MTN ətrafında baş verənlərin ardından xeyli narahat olan Əsgərovun, həbslərin Rabitə və Yüksək Texnologiya Nazirliyinə sıçramasından sonra ciddi qorxu keçirməyə başlayıb. İddia edilir ki, elə bir həftədən çoxdur işə çıxmamasının səbəbi də həmin qorxudan irəli gəlir.
JAM.AZ-a danışan qaynaqlar vurğulayır ki, bir zamanlar sabiq MTN rəhbəri Eldar Mahmudovun xahişi ilə onun qohumunu işə götürən Akif Əsgərov başının məhz bu səbəbdən ağrıyacağını düşünür. Bildirilir ki, Sumqayıt TKQ-nın rəisinin həbsi ilə bağlı bir neçə gün əvvəl xəbər yayılsa da, sonradan təsdiqini tapmayıb.
Qeyd edək ki, Akif Əsgərov keçmişi kifayət qədər qaranlıq olan məmurlardan sayılır. Onun uzun müddət sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaxın olması, «Bədo» restoranında mütəmadi olaraq yeyib-içdikləri, habelə ciddi korrupsiya hallarında adının çəkilməsi sirli məsələlərdən sayılmır. Lakin bunun üzərindən Eldar Mahmudovla bu və ya digər şəkildə əlaqəli olmasının üzə çıxması isə Fərhad Əliyev oyununa bənzəməyə bilər. Ona görə də, RYTN-də baş verənlərin yekunda onu da əhatə edəcəyi istisna deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.


