Cavid Qurbanov Gəncədə dəyişikliyə hazırlaşır
Tarix: 29-09-2015, 15:31 | Çap et
Cavid Qurbanov Gəncədə dəyişikliyə hazırlaşır
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində fəaliyyət göstərən Gəncə Vaqon Deposunun fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlardan bəhs edilir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, bu gün yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədi ilə Gəncə Vaqon Deposunun 5 texniki xidmət məntəqəsi fəaliyyət göstərir. Lakin aldığımız məlumatlarda depoda həyata keçirilən işlərin olduqca aşağı keyviyyətdə olması iddia edilir. Bildirilir ki, burada vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərək mənimsəmələrə şərait yaradır. Digər tərəfdən isə, nəzərdə tutulan təmir işləri də keyfiyyətsiz şəkildə həyata keçirilir. Gəncə Vaqon Deposunda əsasən yük vaqonlarının təmiri işləri həyata keçirildiyindən, daha çox büdcə vəsaiti göyə sovrulmuş olur. Məsələn, qulluq sahəsi Böyük Kəsik-Ucar, Balakən-Yevlax, Ağstafa-Qazax, Yevlax-Bərdə dəmir yol stansiyaları olan Gəncə Vaqon Deposu tərəfindən il ərzində yüzlərlə vaqonun əsaslı və cari təmiri aparılır ki, bu işlərin nəticəsində deponun rəisi Bəşir Əsədovun şəxsi büdcəsinə külli miqdarda vəsait daxil olur. Müəssisədə işgüzar mühit yaradılmaması səbəbindən isə, əksər hallarda təmir işlərini yerində və vaxtında həyata keçirmək mümkün olmur. Məlumatı təqdim edən mənbələr həmçinin belə bir faktı da vurğulayırlar ki, dövlət tərəfindən Gəncə Vaqon Deposunun normal fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb. Bir müddət əvvəl depo Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Buna baxmayaraq, əksər mənbələrin rəyinə görə, Bəşir Əsədov dövlət tərəfindən yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmir. Həmçinin aldığımız açıqlamalarda, depo rəisinin tabeliyində çalışan işçilərin də hüquqlarını mütəmadi olaraq pozduğu iddia olunur: “İşçilərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda Bəşir Əsədov onları iş saatından artıq işlədir, amma bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Həmçinin Bəşir Əsədov rəis vəzifəsinə təyin olunduqdan sonra müəssisənin işçiləri istirahət günləri də işə çağırılırlar. Bu isə birbaşa Əmək Məcəlləsinin və eyni zamanda da işçi hüquqlarının pozulması deməkdir. Bir sözlə, Gəncə Vaqon Deposunda vəziyyət kritik həddə çatıb. Belə vəziyyətin yaranmasının əsas səbəbi isə budur ki, Bəşir müəllim öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Məhz bu məmurun Gəncə Vaqon Deposuna rəis vəzifəsinə gəlişindən sonra, burada yalnız və yalnız problemlər yaşanır...” Xatırlayırsınızsa, bir müddət əvvəl aldığımız məlumatlarda Gəncə Vaqon Deposunun rəisinin məhz hansı himayədarlarına güvənərək bu kimi özbaşınalıqlara rəvac verməsi barədə də maraqlı açıqlamalar təqdim olunurdu. Bu xüsusda açıqlamalardan birində qeyd olunmuşdu ki, Bəşir Əsədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanovun yaxın qohumudur. Məhz buna görə də o, özünü tam arxayın hiss edir və istədiyi özbaşınalıqlarıheç nədən çəkinmədən həyata keçirir. Bununla belə, mənbələr Bəşir Əsədovun yarıtmaz fəaliyyətinin artıq QCS-nin yeni sədri Cavid Qurbanovun da diqqətini cəlb etdiyini bildirirlər. Vurğulanır ki, yaxın vaxtlarda QSC rəhbərliyi tərəfindən bu yaxınlarda ciddi araşdırmaların aparılacağı da gözlənilir. Ehtimallara görə, bu araşdırma depo rəisinin tutduğu vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilər. Digər tərəfdən isə, bu yaxınlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması da səhmdar cəmiyyətin strukturlarında əsaslı islahatların keçiriləcəyi ehtimalını gündəmə gətirib. Gözləmək olar ki, Gəncə Vaqon Deposunda da bu islahatlar məhz rəhbərlikdə olunacaq dəyişikliklə start götürmüş olsun...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net