Cəlilabad rayonunun Muğan kənd sakini Təranə Cabbarova redaksiyamıza şikayət edərək bildirir ki, keçmiş həyat yoldaşı Nail Məmmədov boşandıqdan sonra uşaqlarına təyin edilmiş alimenti ödəməkdən boyun qaçırır.
Cabbarova Təranə 1971-ci il iyun ayının 13-də Cəlilabad rayonunun Söyüdlü kəndində doğulub. 1994-cü ildə qardaşının qayını Nail Məmmədovla ailə həyatı qurur və Cəlilabad rayon mərkəzinə gəlin köçür. Bu nikahdan biri qızı, iki oğlu dünyaya gəlir. T.Cabbarovanın dediyinə görə, uzun müddət sakit həyat yaşayıblar. Ancaq baş verən bir hadisə onların firavan günlərinə son qoyub.
2002-ci ilin sonlarında T.Cabbarovanın qardaşı İlham həyat yoldaşı Sevinclə boşanıb: “Qardaşımın boşanması mənim başımda çatladı. Həyat yoldaşım Nail də bacısına görə məndən boşanmamış gizlincə başqa qadınla evləndi. Və çox keçmədi ki, rayon məhkəməsinə verərək, üç azyaşlı uşaqla məni boşadı”.
T.Cabbarova bildirir ki, alimentin ödənməməsində məhkəmə icraçısı Səbuhi Həmzəyevin xüsusi rolu var. İcraçı qarşı tərəfə aliment ödətməmək üçün hər dəfə müxtəlif bəhanələr gətirir. Elə hər dəfədə də N.Məmmədovu müdafiə edir.
T.Cabbarova bildirir ki, keçmiş həyat yoldaşının ona 1500 manat aliment borcu var: “O gün məni çağırıb dedilər ki, al bu 150 manatı, get otur yerində. Mən bununla razılaşmadım və bildirdim ki, əgər keçmiş həyat yoldaşım alimenti ödəyə bilmirsə, həbs edilsin... Problem belə də qalıb. Məhkəmə isə həyat yoldaşımı nə həbs edir, nə də alimenti alır. Bununla bağlı Cəlilabad rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərovun da qəbulunda oldum. Məhkəmə sədri müvafiq tapşırıqlar versə də, heç bir tədbir görülmədi. İcraçılar məhkəmə sədrini də aldadır”.
Məsələylə bağlı Cəlilabad rayon Məhkəməsi ilə əlaqə yaratmağ cəhdimiz nəticəsiz qaldı. Qarşı tərəfi də dinləməyə hazırıq.


