
"İcraçı Kredit Agentliyi" (İKA) MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) müştərilərinə kredit verilməsini dayandırıb. Bu barədə fins.az-a BOKT-un 12 təsisçisindən biri olan Azərbaycan Kredit İttifaqları Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Quliyev məlumat verib. Onun sözlərinə görə, kreditləşmənin dayanmasına səbəb vəsaitin olmamasıdır: "Bu təşkilat Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin ayırdığı vəsaitlə işləyirdi. Bu ildən həmin maliyyə mənbəyi kəsilib. Hazırda BOKT yalnız verdiyi kreditləri yığmaqla məşğuldur. Yeni maliyyə mənbələri olsa, təşkilat kreditləşməni bərpa edəcək".
Xatırladaq ki, bir müddət əvvəl Dünya Bankı tərəfindən Azərbaycana ayrılan 18,8 milyon dolların sözügedən təşkilatın vasitəsilə mənimsənilməsi, daha doğrusu kənd təsərrüfatı sektorunun inkişafı üçün nəzərdə tutulan məbləğin bəzi şəxslərin özəl mənafeyinə qurban verilməsi haqda yazı dərc etmişdik. Hələ ki, əlaqədar dövlət qurumları məsələyə reaksiya verməyib. Məlumat üçün qısaca bildirək ki, "İcraçı Kredit Agentliyi" əsasən ölkə iqtisadiyyatının inkişafına yardımçı olmaq, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərmək, aqrar bölmənin stimullaşdırılmasını həyata keçirmək, kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, kredit ittifaqlarının, borcalanlar qrupunun yaradılmasına, inkişaf etdirilməsinə dəstək vermək, onlara kreditlərin verilməsini təmin etmək məqsədilə yaradılıb. Yayılan məlumatlarda isə bildirilirdi ki, təşkilatın rəhbəri Arif Əliyev bəzi himayədarlarına arxayın olaraq Dünya Bankı tərəfindən ayrılan irihəcmli vəsaitləri necə gəldi istifadə edib. Məhz bunun nəticəsidir ki, hazırda təşkilat tərəfindən kreditlərin verilməsi dayandırılıb. "İcraçı Kredit Agentliyi"nin rayonlarda fəaliyyət göstərən kredit təşkilatlarına ayrılan vəsaitlərdə Arif Əliyevin və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyinin sabiq baş direktoru Razim Vəliyevin də payı var. Bank Olmayan Kredit Təşkilatı məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyi olub. Lakin MMC rəhbəri assosiasiyanın idarə heyətinin sədri Ayaz Quliyevlə əlbir olaraq qeyri-qanuni yollarla Bank Olmayan Kredit Təşkilatını öz və yaxın adamlarının adına özəlləşdirməyə nail olub. İKA-nın qeyri-adi özəlləşdirmə strategiyası ondan ibarətdir ki, agentliyin nizamnamə kapitalındakı payını azaldaraq sədr başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçiblər. Bu şəxs hazırda dövlət zəmanəti ilə Dünya Bankından alınan 18,8 milyon ABŞ dollarını "özünün özəl təşkilatı"nın vəsaiti kimi istifadə edir və dövlətin büdcəsinə qaytarmağa tələsmir", deyə məlumatda qeyd olunurdu. Apardığımız araşdırmalar nəticəsində məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik. Adının çəkilməməsini xahiş edən mənbənin sözlərinə görə, külli miqdarda yeyintidə ittiham olunan İKA sədrinin arxasında sabiq kənd təsərrüfatı naziri İsmət Abasov və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş baş direktoru, hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin rəhbəri vəzifəsində çalışan Razim Vəliyev dayanıb: "Bu vəsaitin böyük bir hissəsi son illərdə faiz hesabı ilə həmin məmurlar tərəfindən mənimsənilib, indi də məqsədləri bu kreditlərdən geri qayıdıb "Revoliver fond"a yığılan məbləği mənimsəməkdən ibarətdir. Başqa sözlə desək, hökumət zəmanətinə götürdüyü 18,8 milyon dolları 8 faizlə verir, məmurlar da onun üzərinə şəxsi mənfəətləri üçün olan faizləri gələrək bunu guya kənd təsərrüfatı istehsalçılarına paylayırlar. Bu illər ərzində həmin vəsaitin 10-15 faizi ancaq yerlərdə xüsusi adamlara paylanıb, qalan hissəsi Bakıda biznes fəaliyyətinə, mənzil və bağ evlərinin tikintisinə, şəxsi işlərə sərf olunub. Belə halların qarşısını almaq üçün Dünya Bankı 2005-ci ildə kreditlərin paylanmasına ictimai nəzarəti Azərbaycan Kredit İttifaqları Assosiasiyasına həvalə edib. Lakin göstərilən şəxslərin fəaliyyəti nəticəsində bu təşkilat da son dövrlər onların himayəsinə keçib. Belə ki, birliyin sədri Elçin Bağırov prosesdən kənarlaşdırılıb. Onun yerinə isə İsmət müəllimə yaxın olan Ayaz Quliyev gətirilib. Bununla da hökumətin zəmanətində olan külli miqdarda kredit vəsaiti tamamilə bu insanların nəzarətinə keçdi. Bütün bunları görən Elçin Bağırov paylanan kreditlərdən geri qayıdan vəsaitin idarə olunmasını nisbətən təcrübəli "Aqrarkredit" QSC-yə tapşırılması barədə hökumət orqanlarına müraciət edib və bu təklif razılıqla qarşılanıb. Amma sabiq kənd təsərrüfatı naziri Dünya Bankının Azərbaycan nümayəndəsilə görüşərək məsələni yoluna qoymağa, yəni vəsaiti yenə də özünün idarə etməsinə çalışıb. Deyilənə görə, buna nail olub. Bank rəsmilərinə saxta hesabatlar təqdim edilib ki, guya paylanan kreditlər vaxtında geri qaytarılıb, gecikmə və yeyinti yoxdur. Gecikmə 500 min təşkil edir ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi həddədir. Əslində isə göstərilən rəqəm normadan 10 dəfə çox, yəni 5-6 milyona qədərdir. Kreditdən istifadə edən Lənkəranda "Azor" Kredit İttifaqının 460 min, İmişlidə "İlham" Kredit İttifaqının 980 min, Füzulidə "Kömək" Kredit İttifaqının 2,0 milyon, yenə də İmişlidə "Aqroinvest" Kİ-nin 1,5 milyon gecikən və mənimsənilən kreditlərini unudublar. Bundan başqa, Şimal-Şərq (Xaçmaz-Quba-Qusar), Şimal-Qərb (Şəmkir-Tovuz-Qazax) və Cənub (Lənkəran-Astara) bölgəsi üçün ayrılan 50 milyon manat da adları çəkilən şəxslərin biznesinin genişləndirilməsinə sərf olunub. Təəssüf ki, bu cür məqamlar aidiyyəti dövlət qurumları tərəfindən indiyə kimi araşdırılmayıb və yeyintiyə yol verən şəxslər cəzalandırılmayıb". Bizə verilən məlumatda o da vurğulanır ki, kredit təşkilatlarına 10 faizlə ayrılan kreditlər rayonlarda fermerlərə 22-25 faizlə verilir və sənədləşdirmədə kənd təsərrüfatı yox, sahibkarlıq fəaliyyəti adı ilə rəsmiləşdirilir: "Agentliyin rayonlardakı təşkilat rəhbərləri ayrılan vəsaitlərin böyük bir hissəsini İKA-nın rəhbərinin "xeyir-duası" ilə 10% adı altında götürərək şəxsi bizneslərinin inkişafında istifadə edirlər. Buna misal olaraq "İcraçı Kredit Agentliyi"nin Beyləqan rayonunda fəaliyyət göstərən 7 kredit ittifaqını göstərmək olar. MMC sədrinin bu rayondakı adamı, "Şahsevən İK" təşkilatının rəhbəri Fəyiəddin Fərmanov vətəndaşlara verdiyi kiçik kreditlərin əvəzində onlardan müavinət, əmək haqlarının kartlarını girov saxlayır". Məlumatlı mənbə həmçinin deyir ki, "İcraçı Kredit Agentliyi" MMC-nin rəhbəri sabiq nazirə çox yaxın şəxsdir: "İsmət Abasov onu bu vəzifəyə gətirməklə bəzi işlərini həyata keçirməyə müvəffəq oldu. Sədr kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini başqa şəkildə onlardan tələb edib və öz dili ilə keçmiş nazirə veriləcəyini söyləyib. Son vaxtlar Dünya Bankı tərəfindən Azərbaycana ayrılan 18,8 milyon dollar kreditin təyinatı üzrə xərclənməməsi ilə bağlı bir sıra ittihamların səsləndirilməsi adı hallandırılan şəxsləri çıxılmaz vəziyyətə salıb. Buna baxmayaraq, İsmət Abasov və Razim Vəliyev İKA-nın sədrini möhkəm müdafiə edirlər. Təşkilat rəhbəri məhz bu məmurlara güvənərək qanunsuz işlərə əl atır. Mənimsəmə halının izinə düşülsə, o zaman nə baş nazirin müavini, nə də Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru ona kömək edə biləcəklər". Mötəbər mənbənin bildirdiyinə əsasən Dünya Bankı tərəfindən ayrılan vəsaitlərin bir hissəsinin yeyintiyə məruz qalması barədə artıq yuxarı dairələrə məlumat çatdırılıb. Deyilənə görə, yaxın günlərdə məsələ ilə bağlı ciddi ölçü götürülə, hətta həbslər ola bilər. Qeyd edək ki, "İcraçı Kredit Agentliyi" MMC ilə bağlı birinci yazı hazırlanarkən təşkilatın (012) 464-83-34 əlaqə nömrəsinə zəng vurmuş, amma sədri yerində tapa bilməmişdik. Bu dəfə isə ümumiyyətlə dəstəyi qaldıran olmadı. Buna rəğmən, yazıda adı hallandırılan bütün tərəflərin cavab haqqını tanıyırıq.


