Onlar savaşacaq, Ermənistan qana bulaşacaq...
Tarix: 14-12-2015, 16:01 | Çap et
Onlar savaşacaq, Ermənistan qana bulaşacaq...
Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik davam edir. Rusiyanın siyasi elitası yenə də “hərbi marş” oxuyur. Türkiyə-Rusiya münasibətlərindəki gərginlik bütün bölgəyə öz labüd təsirini göstərir. Lakin Ankara-Moskva savaşı İrəvanı daha ağır duruma salır.

Məlum olduğu kimi, Rusiyanın forpostu olan Ermənistan digər dövlətlər və beynəlxalq qurumlarla əlaqələrini genişləndirmək üçün daim Kremlin razılığını almağa çalışır. Lakin beynəlxalq münasibətlər sistemindəki dəyişikliklər bunu mümkünsüz edir. Avropa İttifaqı ilə Rusiya münasibətlərinin kəskinləşməsi nəticəsində Ermənistan təbii olaraq asılı olduğu Rusiyanı seçməli oldu. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi isə Ermənistanın Türkiyə ilə bağlı xəyallarının da puç olmasına gətirib çıxarır. Bununla belə, Türkiyə və Rusiyanın regiondakı maraqlarını nəzərə aldıqda, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin daha münbit şəraitdə keçməsi baxımından iki ölkənin münasibətlərinin müsbət olması mühüm amildir.

Məlum insidentdən sonra qısa müddət ərzində Türkiyə xarici işlər nazirinin və baş nazirinin Azərbaycana səfər etməsi rəsmi Ankaranın yaranmış vəziyyətdə Bakının mövqeyinə böyük önəm verdiyini göstərdi.
Türkiyə ilə strateji tərəfdaşlıqlıq, Rusiya ilə qonşuluq münasibətləri olan Azərbaycan isə iki ölkə münasibətlərinin gərginləşməsində maraqlı olmadığını bildirərək, Türkiyə-Rusiya münasibətlərinin nizamlanmasına yardım göstərə biləcəyini bəyan etdi.

Üstəlik, Mərkəzi Asiya ölkələrinə yük daşıyan Türkiyə avtomobillərinin Rusiya ərazisindən keçməsinə qadağanın qoyulmasından sonra Azərbaycan özünün tranzit imkanlarından istifadə edərək, təşəbbüsü ələ ala bildi.

Yük maşınlarının Azərbaycan ərazisinin quru hissəsindən və Xəzər dənizi sularından güzəştli şərtlərlə və aşağı tariflərlə gediş-gəlişinə şəraitin yaradılması hər iki ölkənin iqtisadi maraqlarını təmin etməklə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığını möhkəmləndirən addıma çevrildi.
Türkiyə NATO ölkəsidir və onunla hər hansı silahlı toqquşma hərbi ittifaqı da prosesə cəlb edə bilər.

Təsadüfi deyil ki, Rusiya təyyarəsinin vurulmasından dərhal sonra Türkiyə NATO-ya müraciət etdi. Qurumun keçirdiyi toplantıda nəticə etibarilə alyans Türkiyə-Rusiya münasibətlərindəki böhrandan kənarda dayanmaq qərarını verdi.
Bununla belə, NATO və ABŞ rəhbərliyi baş vermiş insidentlə bağlı Türkiyənin addımlarına və mövqeyinə dəstək ifadə etdilər. Təbii ki, Yaxın Şərqdə o cümlədən Suriyada gedən proseslərdə Rusiyanın öz maraqları var.

Xatırladaq ki, hələ BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ da daxil olmaqla sivil dünyanı beynəlxalq terrorizmə qarşı koalisiyada birləşməyə çağırmışdı.
Şübhəsiz, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya alternativ kimi irəli sürülən yeni komandada Rusiya aparıcı mövqedə dayanmalı idi.

Qərbin bu təklifi qəbul etməməsinə baxmayaraq, İŞİD və digər terrorçu qruplaşmalara qarşı Rusiya, Suriya, İran və İraqdan ibarət kiçik bir koalisiyanın formalaşması mümkün oldu.

Türkiyə ilə baş vermiş insident Rusiyanın təkcə bu ölkə ilə deyil, Qərblə münasibətlərinə də təsir göstərə bilər.
Təsadüfi deyil ki, bu hadisədən sonra rusiyalı ekspertlər Rusiyanın liderliyi ilə nə vaxtsa genişmiqyaslı koalisiyanın formalaşacağına daha çox şübhə ilə yanaşırlar.
Bunun bir səbəbi Rusiya ilə Qərb dövlətlərinin terrorçu anlayışına və Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması məsələsinə fərqli yanaşmasıdır.

Digər tərəfdən, Suriya məsələsində Türkiyənin mövqeyi Qərbin mövqeyinə daha yaxındır, xüsusən də Əsədin hakimiyyətdən getməsi ilə bağlı ortaq mövqe nümayiş etdirilir.
Ona görə də Türkiyə ilə gərginləşən münasibətlər Qərblə əlaqələrə də təsir göstərə bilər.

Məlum insident Suriya hava məkanındakı gərginliyi daha da artıracaq və böhranın həllini daha da çətinləşdirəcək.
Bu bir tərəfdən onunla bağlıdır ki, münaqişənin həlli üzrə mümkün danışıqlar prosesində təmsil olunacaq üsyançı qrupların bir çoxu Türkiyə və Qərb tərəfindən dəstəklənir.

Başqa bir tərəfdən, türkmən silahlılarının rusiyalı pilotlara atəş açdığını göstərən kadrların yayılmasından sonra türkmənlərin danışıqlar masasında əyləşməsinə Rusiyanın razı olmayacağı güman edilir.
Onu da vurğulamaq lazım gəlir ki, Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini genişləndirməlidir. Əhməd Davudoğlu Bakıda dedi ki, Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya açılan pəncərədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Rusiya əleyhinə istifadə etmək olmaz. Lakin Ankara türkdilli dövlətlərlə iqtisadi, ticarət və enerji əməkdaşlığının inkişafı layihələrini reallaşdırmalıdır. Bu, Ankaranın bölgədəki gücünü artırır.

Avropa.info-nun Analitik Qrupu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net