ABŞ Prezidenti Donald Tramp Donbasda “azad iqtisadi zona”nın yaradılmasını bir çox insanın istədiyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, o, bu mövqeyini 12 dekabrda Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Trampdan Donbasda “azad iqtisadi zona”nın işlək olub-olmayacağı soruşulub. O isə cavabında: “Bu, çox mürəkkəb vəziyyətdir, amma işləyəcək və çoxlu sayda insan onun işləməsini istəyir”, - deyib.
Bundan əvvəl "Politico" qəzeti mənbələrə istinadən yazmışdı ki, Ukrayna böhranının nizamlanması ilə bağlı ABŞ-ın hazırladığı layihəyə Kiyevin cavabında Donbasda demilitarizasiya olunmuş “azad iqtisadi zona”nın yaradılması bəndi yer alır. "Financial Times" isə öz mənbələrinə istinadla xəbər vermişdi ki, ABŞ tərəfindən hazırlanmış Ukrayna münaqişəsinin həlli planı demilitarizasiya olunmuş zonanın Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazisi olmasını nəzərdə tutur.
Rusiya Prezidenti Vladimir Putin sentyabr ayında qeyd etmişdi ki, Moskva hələ 2022-ci ildə Ukraynaya Donbasdan qoşunlarını çıxarmağı və münaqişəyə son qoymağı təklif edib, lakin Rusiya Silahlı Qüvvələrinin Kiyev ətrafından geri çəkilməsindən sonra Ukrayna bu qərardan imtina edib. O bildirib ki, Rusiya tərəfinə “demək olar ki, sözbəsöz” belə deyilib: “ya siz bizim başımızı qoparana qədər, ya da biz sizinkini qoparana qədər döyüşəcəyik”.
Vaşinqton noyabr ayında Ukrayna böhranının həlli ilə bağlı 28 maddədən ibarət plan təklif edib. Sənəd Kiyevin və onun Avropadakı tərəfdaşlarının narazılığına səbəb olub və onlar planı ciddi şəkildə dəyişməyə cəhd göstəriblər. Noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə məsləhətləşmələr aparıblar. Daha sonra Tramp bildirib ki, ilkin Amerika sülh planı Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenidən işlənib və yalnız bir neçə mübahisəli məsələ qalıb. Bundan sonra ABŞ nümayəndələri Ukrayna nümayəndə heyəti ilə Floridada, Rusiya tərəfi ilə isə Moskvada danışıqlar aparıblar.
Lakin artıq dekabrın 8-də Vladimir Zelenski bəyan edib ki, ertəsi gün ABŞ-a Avropa liderləri ilə görüşü zamanı hazırlanmış sülh planının yeni variantı təqdim olunacaq. O, planın “28 maddədən 20 maddəyə endirildiyini”, ərazilərlə bağlı kompromisin isə “hələ tapılmadığını” bildirib. Dekabrın 11-də "ABC News" telekanalı ukraynalı məmura istinadən xəbər verib ki, Ukrayna ABŞ-a 20 maddədən ibarət yeni sülh planını təqdim edib.

