Manatın ikinci devalvasiyasından sonra Azərbaycan kütləvi informasiya vasitələri ağır maddi sıxıntılarla üz-üzə qaldı. Reklam bazarı olduqca zəif olan çap və onlayn media belə olan halda qəti addımlar atmağa məcbur oldu. Bir sıra hallarda ya işçilər ixtisar edildi, ya da ki, həmkarlarımızın maaşları azaldıldı. Üstəlik, bu ildən başlayaraq ölkəyə gətirilən kağız məhsullarına əlavə dəyər vergisinin qoyulması ilə bağlı məsələ də gündəmə gəldi. Çap mediası ikinci bir zərbəni devalvasiyadan sonra kağızların qiymətinin 100 faizə qədər qalxması ilə aldı.
Vəziyyətin gündən – günə ağırlaşdığı bir məqamda Mətbuat Şurası hansı addımları atacaq? Kütləvi İnformasiyalara Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərə ayrılan vəsaitin miqdarını artıracaqmı? Mətbuat Şurası yaranmış vəziyyətlə bağlı yuxarı instansiyalara müraciət ünvanlayacaqmı? Bəs hazırda ölkədə qəzet və online media redaksiyalarında mənzərə necədir?
Yaranmış vəziyyətlə bağlı ilk olaraq hafta.az-ın suallarını Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırdı. Əflatun Amaşov bildirdi ki, şura məsələni bu vəziyyətdə qoymayacaq. Onun sözlərinə görə, adıçəkilən qurum yaranmış durumla bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayacaq:
“Bütün bu məsələlər Azərbaycan Mətbuat Şurasını çox ciddi narahat edir. Yaranmış problemlərlə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlamağı düşünürük. Yəni ki, KİVDF-nin ayırdığı yardımlar Azərbaycan mətbuatına nə dərəcədə kömək edə bilər? Çünki problemlər çoxdur. Həmin yardımların həcmi də artırılmalıdır. Online medianın inkişafına indiki şəraitdə yardımların ayrılması kifayət qədər vacibdir. Bununla bağlı da ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırırıq. İkinci devalvasiyadan sonra Azərbaycan mediasının qarşısında da müəyyən problemlər yarandı. Bunun nəticəsində də ölkəyə gətirilən kağız məhsullarının qiyməti 100 faizdən çox qalxdı. Eyni zamanda, belə bir fikir də var ki, ölkəyə gətirilən həmin qəzet və kağızların üzərinə əlavə dəyər vergisi də qoyulsun. Əgər bu baş verərəsə kağızın qiyməti daha da artacaq. Bundan başqa, çap xərcləri də təqribən 50 faizə qədər çoxalıb. Bu da ölkədəki kütləvi informasiya vasitələrənin fəaliyyətinə çətinliklər yaradacaq. İlin əvvəlidir və artıq bu çətinliklər başlayıb”.
Mətbuat Şurasının rəhbəri ölkədəki online medianın vəziyyətinə, eləcə də mətbuatın reklam bazarındakı problemlərinə də toxunub:
“Ölkədə fəaliyyət göstərən online media vasitələrinin də maliyyə durumunda ciddi problemlər yaranıb. Çünki Azərbaycanda reklamla bağlı böyük problemlər var. Elə bir mexanizm yoxdur ki, kütləvi informasiya vasitələri ölkənin ayrı-ayrı dövlət təşkilatlarının reklamından bəhrələnsin. Bu rəqəm kifayət qədər azdır. Həmçinin reklam bazarındakı maneələr də aradan qaldırılmalıdır. Yaxın vaxtlarda inhisarçılıq aradan qaldırıldıqdan sonra ayrı-ayrı müəssisələr öz məhsullarını reklam edəcəklər. Bundan sonra medianın vəziyyətinin düzələcəyinə ümid edirik. Bunun üçün də müəyyən vaxt keçəcək. Mətbuatı indiki durumda bu cür vəziyyətdə qoya bilmərik. Türkiyədə belə bir təcrübə var; rəsmi qurumların reklamları ayrı- ayrı media orqanları arasında bölünür. Bu çox maraqlı bir təcrübədir. İstərdik ki, bunlar ölkəmizdə də tətbiq edilsin. Bununla da yaranmış problemləri müəyyən mənada həll etmək mümkündür”.
Hazırki durumu ölkə mediasında kifayət qədər oxucusu olan qəzet redaktorlarından da öyrənməyə çalışdıq. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hafta.az-a açıqlamasında bildirib ki, manatın ikinci devalvasiyasından sonra Azərbaycan mediasında acınacaqlı vəziyyət yaranıb:
“Bu çətinlik ondan ibarətdir ki, çap və çap məhsullarının, kağızın qiyməti qalxıb. Ölkəyə gətirilən kağızların üzərinə əlavə dəyər vergisi də qoyulub. Əməkdaşlarımızın aldığı maaşlar ötən illə müqayisədə 100 faiz dəyər itrib. Hələlik devalvasiyanın ilk ayıdır deyə, üzə çıxmır. Amma medianın durumu acınacaqlı vəziyyətdədir. Mətbuat Şurası ilə məsləhətləşmələr aparmışıq. Müəyyən sənədlər hazırlanıb. Maddi kömək üçün müvafiq qurumlara müraciətlər edilib. “Yeni Müsavat”da da müəyyən ixtisarlar aparılıb. Belə ki, kənardan, xaricdən qonorarla yazı göndərənlər, axşam növbəsində çalışanlar, köşə yazarları ilə əməkdaşlıqlar hələlik dayandırılıb. Çalışmışıq ki, kollektivdən ixtisarlar etməyək. Amma vəziyyət bu cür davam edərsə 2-3 aya kollektivdən də ixtisarlar olacaq”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, hazırda onlar qəzetin öz imkanları hesabına vəziyyəti qoruyub-saxlamağa çalışırlar:
“Hələlik heç bir ixtisar etməmişik. İşçilərin maaşlarından da kəsilməyib. Çalışırıq ki, qəzetin öz imkanları hesabına vəziyyəti qoruyub-saxlayaq. İqtisadi böhran təkcə bizim redaksiyaya aid olan məsələ deyil, qlobal bir prosesdir. Bütövlükdə götürəndə həm də ölkədə gedən bir prosesdir. Bu istiqamətdə islahatların aparılacağı gözlənilir. Artıq bir neçə istiqamətdə addımlar atılmağa başlayıb. İqtisadi vəziyyət düzəldikcə, bu medianın da fəaliyyətinə öz təsirini göstərəcək. Medianı cəmiyyətin problemlərindən kənarda saxlamaq, əlahiddə bir formada onu qiymətləndirmək düzgün iş deyil. O baxımdan da, fəaliyyətlərimizi davam etdiririk. İlk devalvasiya baş verərkən ixtisarlar aparmışdıq. Maksimal dərəcədə qəzetin kollektivinin daha çevik fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasına çalışmışdıq. Ondan sonrakı proseslərdə də fəaliyyətimizi müəyyən qədər tənzimləyə bilmişik. İndi də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
“Şərq” qəzetinin baş redatoru Akif Aşırlı isə yaranmış vəziyyətdən çıxış yollarını axtardıqlarını bildirib:
“Şərq” qəzetində ixtisarlar yoxdur. Redaksiyada stabil bir komanda ilə çalışırıq. İxtisar edə biləcəyimiz adam da yoxdur. İşçilərimizi saxlamağa çalışacağıq. İşçilərə verdiyimiz puldan da ixtisar edə bilmərik. Hazırda böhrandan çıxmaq yollarını arayırıq. Bunun üçün abunə kampaniyalarına başlamışıq”.
İnanırıq ki, yaxın vaxtlarda həqiqətlərə və doğrulara güzgü tutmağa çalışan 141 yaşlı Azərbaycan mediası bu vəziyyətdən də alını açıq, üzü ağ çıxacaq. Əks təqdirdə isə, cəmiyyət güzgüsüz qalacaq. Güzgüsüz evdə də nə düzən olar, nə də ki, səliqə-səhman... Ayna qələminiz iti olsun, əziz həmkarlar!

