
Dünyaca məşhur telelayihələrin yerli versiyaları bir çox ölkələr kimi Azərbaycanda da hazırlanır. “Milyonçu”, “Səs Azərbaycan”, “Məni yarımdan soruş”, “Bu stil mənim” kimi proqramlar xarici proyektlərdən götürülərək, yerli tamaşaçılara təqdim edilir. Lakin bu cür proqramlar hər zaman uğurlu alınmır və ya tamaşaçılar tərəfindən birmənalı qarşılanmır.
Məsələn, Zaur Baxşəliyevin “Mənim yarımdan soruş” proqramı tez-tez tənqid edilirdi. Türkiyədə efirə gedən “Ben bilmem, eşim bilir” proqramı ilə müqayisə edilən verilişin çəkiliş heyətinə iradlar tutulurdu. Hətta Günay Baxşəliyevanın efirdə öz həyat yoldaşı, aparıcı Zaur Baxşəliyevin belində oturması uzun müddət müzakirələrə səbəb olmuşdu.
“Səs Azərbaycan” da tamaşaçıların tənqid hədəfinə çevrildi. Bəziləri iştirakçıların əcnəbi dildə mahnılar oxumasından, bəziləri isə münsiflərin özlərini süni aparmasından gileyləndilər.
Hazırda isə ATV-də yayımlanan “Bu stil mənim” proqramı sosial şəbəkə istifadəçilərinin və medianın sərt tənqıdlərinə məruz qalmaqdadır. Proqramda münsif Günay Musayevanın və iştirakçıların Türkiyə türkcəsində danışması, iştirakçı qızların yersiz dava etmələri, jarqon və vulqar sözlər işlətmələri insanlarda verilişə qarşı neqativ fikirlər formalaşdırır. Hətta bəzi tamaşaçılar proqramın efirdən yığışdırılmasını tələb edirlər.
Bəs, Azərbaycanda xarici telelayihələrin uğur qazana bilməməsinin səbəbi nə ilə bağlıdır?
Musavat.com xarici proyektlərin Azərbaycanda uğur qazanmamasının səbəbini öyrənməyə çalışıb.
Məsələ ilə bağlı danışan media eksperti Qulu Məhərrəmli bildirib ki, xarici layihələrin ölkəmizdə uğur qazanmaması ciddi məsələdir: “Azərbaycanda hazırlanan xarici teleproyektlərin hamısı uğurlu alınmır. Bu, ciddi məsələdir. Vaxtilə “Lider” telekanalı “Milyonçu” layihəsini hazırlayırdı. Məncə, çox uğurlu alınmışdı. Hazırda bir çox ölkələrdə bu layihə davam edir. Lakin bizdə uzunömürlü olmadı. Məlum oldu ki, bizim auditoriya və iştirakçılar bilgi standartları baxımından o layihə üçün bəsitdir. O layihənin hədəflədiyi səviyyəni əldə etmək olmur. Eləcə də, bu gün ölkəmizə gətirilən elə projelər var ki, onların ömrü uzun olmayacaq. Bu gün hazırlanan layihələr əsasən reklam bazarı ilə bağlıdır. İnanmıram ki, o proqramları gətirmək bizim televiziyaçılığı inkişaf etdirir. Bu layihələr kimlərinsə fikirlərinə xidmət edir. Bəzi verilişlərə standartlar tətbiq olunanda məlum olur ki, ciddi problemlər var. Azərbaycan reallıqlarını ifadə edən layihələr gözəldir, onları inkişaf etdirmək lazımdır. Bu, bizim televiziyaların özünəməxsusluğunu göstərər”.
Teleaparıcı Murad Arif qeyd edib ki, xarici proyektləri ölkəmizə gətirməzdən əvvəl tamaşaçının zövqünü formalaşdırmaq lazımdır: “Bizdə tamaşaçının zövqü üzərində iş getmir. Nə qədər ki, televiziya və radiolarda musiqi siyasəti, formatı dəyişdirilməsə, xarici telelayihələr uğur qazanmayacaq. Ölkə televiziyası toyxana verdiyi təqdirdə, zövqlü arembi, fank, caz formatında layihə ilə dəyişmək, uğur qazanmaq mümkün deyil. Musiqi telekanalları açılmalıdır. Bu gün ölkə televiziya və radiolarında 50 faizdən də az milli musiqi səsləndirilir. Pop musiqisindən çox əcnəbi və bayağı mahnılara yer verilir. Ümumi durum dəyişməyincə, ayrı-ayrı layihələr uğurlu alına bilməz”.

