Geosiyasi reallıqlar Bakı və Ankaranı əməkdaşlığa sövq edir
Tarix: 30-11-2015, 15:22 | Çap et
Geosiyasi reallıqlar Bakı və Ankaranı əməkdaşlığa sövq edir
Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə ölkəmizin müstəqilliyini həzm edə bilməyən iki ölkədən biri olan Rusiya arasında baş verənlər Bakıdan seçim tələb edir. Son proseslər də sübuta yetirdi ki, Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə ilə əməkdaşlıq lazımi səviyyədə deyil. Bu məsələyə yenidən baxılması zamanın tələbidir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması Türkiyə ilə daha sıx əməkdaşlığı zəruri edir. İlk növbədə iki ölkə arasında mövcud olan problemlərin aradan qaldırılması barədə fikirləşmək lazım gəlir. Bu məsələdə yubanmaq olmaz. Boşluğu Azərbaycana heç də dost olmayan ölkələr doldura bilərlər. İstənilən halda, Azərbaycan insanının sevgi ilə yanaşdığı yeganə ölkə Türkiyədir.

Geosiyasi reallıqlar da Bakı və Ankaranı əməkdaşlığa sövq edir. Belə ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı çökdürmək üzrədir. Rublun dollara nisbətdə iflasa uğraması və gələn ilin əvvəllərində Rusiyanı gözləyən ciddi tənəzzül qorxusu Putini çıxış yolları aramağa vadar edir.

Rusiya artıq Avropanı qaz ilə etdiyi şantajla ram edə bilmir. O cümlədən Putinin Ankaraya soyuq savaş elan etməsi ona baha başa oturmaqdadır. Türkiyənin ABŞ-la münasibətindəki gərginliyə baxmayaraq, hələ ki, Ankara NATO-nun bölgədəki yeganə müttəfiqidir. Bu baxımdan Rusiya-Türkiyə münasibətləri Qərb – Rusiya qarşıdurması müstəvisində təhlil edilməlidir. İstər milli, istərsə də geosiyasi maraqlar Türkiyənin yanında olmağı tələb edir.
İndi hər kəsi bir sual düşündürür – Ankara və Moskva münasibətlərinin korlanmasından daha çox hansı tərəf ziyan çəkəcək? Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT-nin bir sıra institutlarının üzvüdür.

Onlar bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə bağlı öhdəliklərə malikdirlər. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətləarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar.

Ticarət balansına baxdıqda görürük ki, bu ilin on ayında iki ölkə arasında 19 milyarda yaxın ticarət dövriyyəsi olub. Bunun 3 milyarda yaxını Türkiyənin satdığı məhsullardırsa, 16 milyarda yaxını isə Rusiyanın məhsullarıdır. Burada əsas enerji daşıyıcılarıdır. Türkiyə Almaniyadan sonra ”Qazprom"dan ən çox qaz alan dövlətdir. Belə ki, Türkiyə adıçəkilən şirkətdən illik 18 milyard kubmetrə yaxın qaz alır. Əgər Rusiya iqtisadi savaşda israrlı olsa, şübhəsiz ki, Türkiyə gələcəkdə özünün qaz tələbatını digər dövlətlərin hesabına ödəyəcək. O cümlədən İrandan da qaz ala bilərlər ki, bu da Rusiyaya zərbə olar. İkinci böyük zərbə isə ondan ibarət olar ki, Türkiyədə ümumi dəyəri 20 milyarda yaxın olan “Ağ quyu” atom elektrik stansiyası və laboratoriyaları tikintisi nəzərdə tutulurdu. Bunu da rus şirkəti həyata keçirəcəkdi. Bu layihə də ləğv edilərsə, Rusiya iqtisadiyyatına böyük zərbə olacaq. Belə ki, Rusiyanın “Rosatom” şirkətinin bu layihəsinin dəyəri 22 milyard ABŞ dollarıdır.
Digər tərəfdən, Rusiya Türkiyə ilə birgə biznes-layihələr və hərbi əməkdaşlıqdan imtina etməyə hazırlaşır. Mənbənin bildirdiyinə görə, “Qazprom” “Türk Axını” layihəsinin reallaşdırılmasının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirir. Türkiyə öz növbəsində Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə mane ola bilər ki, bu da Rusiyanın Suriyadakı Xmeymim bazasına silah-sursat çatdırılmasını çətinləşdirəcək. Göründüyü kimi, Ankara və Moskva qarşıdurmasından daha çox ikinci tərəf ziyan çəkə bilər.

Avropa.info-nun ekspert qrupu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net