Ana Sayfa > Xəbər > Sahibkarlar məmur özbaşınalığından bu formada QURTULACAQ
Sahibkarlar məmur özbaşınalığından bu formada QURTULACAQ20-10-2015, 12:47. Yazar: admin |
|
2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. Bəs bu fərmandan sonra kiçik və orta sahibkarlığın yüksəliş tempi hansı formada inkişaf edəcək? Ölkə başçısının bu fərmanı demək olar ki, çöküş vəziyyətində olan kiçik və orta sahibkarlığı məmur özbaşınalığından tamamilə qurtara biləcəkmi? Sənədləşmə işlərinin "ASAN xidmət"ə verilməsi sahibkarları orta yüksək çinli məmur özbaşınalığından qurtara biləcəkmi? Bütün bu sualları Hafta.az-a şərh edən iqtisadçı ekspert Əli Əlirzayev bildirib ki, bundan sonra aşağı təbəqə sahibkarların inkişafını ləngidən tanışlıq, rüşvətxorluq məsələləri aradan qaldırılacaq: “Bu fərmanın başlıca məziyyətləri ondan ibarətdir ki, ilk olaraq qanunsuz və yersiz yoxlamalar xeyli azalacaq. Bundan sonra kiçik və orta sahibkarlara lisenziyaların verilməsi asanlaşacaq. Tanışlıq, rüşvətxorluq məsələləri aradan qaldırılacaq. Bütün bunlar çoxdan olmalı idi. Mənə elə gəlir ki, ölkə başçısının bu qərarı yerində və çox düzgün bir qərardır. Bu da tezliklə öz bəhrəsini verəcək. Yəni sahibkar təsərrüfatlarında yerli məhsul istehsalları başlayacaq. Qanunsuz yoxlamanın istər-istəməz qorxusu, xofu var. Hər bir belə “yoxlamanın” sahibkarların işinə ciddi təsiri və bundan qaynaqlanan nəticəsi olurdu. Yoxlamalar olmayandan sonra risklər də artacaq. Hər bir sahibkar risklərə gedəcək. Kiçik və orta təbəqə sahibkarları da öz məhsulunu istədiyi kimi satacaq. Özü bildiyi kimi hərəkət edəcək. Lisenziyanın da nazirlik tərəfindən verilməsi onların inkişafını sürətləndirəcək amillərdən olacaq”. Əli Əlirzayev xüsusi olaraq vurğulayıb ki, "ASAN xidmət" bu yöndə inkişafı sürətləndirəcək mütərəqqi bir təşkilati quruluş formasıdır: “Sözügedən məsələdə işlərin "ASAN xidmət"ə verilməsi sənədləşmə məsələsində xeyli asanlaşma olacaq. Cansıxıcı, bezdirici proseslər bu fərmanla sona çatacaq. Bu mükəmməl bir işdir. Sahibkarlar məmurlardan asılı olmayacaq. Yəqin ki, "ASAN xidmət"də sahibkarlığın inkişafı üçün ayrıca bir instruksiya da yaradılacaq”. Geri dön |