Ana Sayfa > Xəbər > “İslam xilafəti”, yoxsa Rusiya Federasiyası - Qalib kim olacaq? - TƏHLİL

“İslam xilafəti”, yoxsa Rusiya Federasiyası - Qalib kim olacaq? - TƏHLİL


16-10-2015, 10:49. Yazar: admin
“İslam xilafəti”, yoxsa Rusiya Federasiyası - Qalib kim olacaq? - TƏHLİL
2015-ci il sentyabrın 30-da Rusiya hərbi hava qüvvələrinin Suriyanın Xmeymim aerodromundan havaya qalxan 11 Su-34, Su-24M və Su-25 qırıcı təyyarələri Bəşər Əsədə rejiminə müxalif olan qüvvələrin mövqelərinə 18 zərbə endirdilər. Müntəzəm xaraket alan bu zərbələr Rusiyanın da rəsmi olaraq Suriya münaqişəsinə qatıldığını təsdiqləmiş oldu. Əslində bunun baş verəcəyi, yəni Putinin öz müttəfiqi Bəşər Əsədi müdafiə edəcəyi gözlənilən idi. Qərb mətbuatı avqust-sentyabr aylarında Rusiyanın bölgəyə çoxsaylı ağır texnika, artilleriya və döyüş təyyarələri yerləşdirdiyini yazırdı. Deyilənlərin təsdiqi olaraq isə Tarsus limanında və Xmeymim aerodromunda yerləşdirilmiş texnikanın havadan çəkilən görüntüləri sərgilənirdi. Texnika ilə yanaşı, NATO-nun uçuş aparatları ərazidə Rusiya hərbçilərinin-əniz piyadaları və xüsusi təyinatlıların da peyda olduğunu fiksə etmişdi.

Suriya müxalifətini bombardman etməklə Rusiya NATO-nin bölgədəki maraqları ilə birbaşa ziddiyətlərə daxil oldu və ərazidə geosiyasi durumu daha da mürəkkəbləşdirdi.

Yaxın Şərqdə yaranmış mozaika Rusiyanın şiə iqtidarının hakimiyyətdə olduğu İran, İraq və Suriya rejimləri ilə, ABŞ-ın isə sünni sülalələrin rəhbərlik etdiyi körfəz ölkələri ilə ittifaqda olduğunu göstərdi. Putinlə xoş münasibətlərdə olan Misir prezidenti Əbdülfəttah əs-Sisini çıxmaq şərti ilə digər sünni dövlətlərlə pisləşən münasibətlər rəsmi Moskvanın radikal qruplaşmaların, ilk növbədə isə “İslam dövləti”nin (İŞİD) terror hücumlarına məruz qalacağı ehtimalı yaradır. Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Con Kerri rəsmi Moskvanın regional konfliktlərin həllində sünni amilini nəzərə almamasını ən ciddi problem adlandırıb.

Doğurdan da, Suriyada hava əməliyyatlarına başladıqdan sonra “İslam dövləti” ilə əlaqədə olan 10 nəfərlik terrorçu qrup Moskvada zərərsizləşdirildi. Teror təşkilatının daha bir neçə üzvü isə axtarışa verildi. Amma gGörünən odur ki, İŞİD hələ ki Rusiyada rezonans doğura biləcək teror aktı gerçəkləşdirə bilməyib.

Bu əsnada Rusiyanın “İslam dövləti”ni bombalamasının effekt verəcəyi şübhə altında idi.

Amma 30 sentyabr tarixindən ötən 16 gün ərzində bu zərbələrin effektiv olması öz təsdiqini tapdı. “İslam dövləti” qruplaşması ötən ilin oktybarında Kobani ətrafında məğlub olduqdan sonra ilk dəfə yeni ərazilər itirməyə başladı. Son məlumatlar Hama, İdlib və Hələb vilayətlərində aviasiya zərbələrindən sonra Suriya ordusunun sürətlə irəlilədiyini və strateji üstünlüyü ələ aldığını göstərdi.

Qərbin heç cür legitimliyini tanımaq istəmədiyi və “qanlı tiran” adlandırdığı Bəşər Əsəd rejimi cəbhədəki uğurlar fonunda tərəfləri özü ilə hesablaşmağa vadar edir. Son hadisələr Qərbin də məsələdə yumşaldığını və müəyyən güzəştlərə getdiyin göstərir. Çünki Rusiyanın Suriya münaqişəsinə qatılması regiondakı güc balansını dəyişdi və Əsədin devrilməsini mümkünsüz etdi. Bu fonda Moskvanın həm də mötədil Suriya müxalifətini də bombalaması və “İslam dövləti”dən çox ona zərər verməsi Kremlin ikibaşlı oyun apardığını sübut edir. Putin İŞİD-lə mübarizə adı altında Əsədin bütün rəqiblərini, o cümlədən hakimiyyətə gələrsə, Moskvanın Tarsus limanındakı bazasını ləğv edəcək “Azad Suriya Ordusu”nu neytrallaşdırmaq məqsədi daşıyır. Bu fonda ordusunun sayı 40 minə çatan “İslam dövləti” ilə Rusiyanın hərbi mübarizəsi “fillə qarışqanın döyüşünə” bənzəyir.

Regionda baş verəcək gələcək hadisələr barədə dəqiq proqnoz vermək mümkün olmasa da Yaxın Şərqin önəmli sarsıntılar ərəfəsində olduğunu deməyə əsas var.

Geri dön