Ana Sayfa > Xəbər > Tualetin yanında çörək bişirilir, kabab çəkilir...

Tualetin yanında çörək bişirilir, kabab çəkilir...


13-10-2015, 12:13. Yazar: admin
Tualetin yanında çörək bişirilir, kabab çəkilir...
Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin çimərliklərdə apardığı monitorinqin nəticələrinə dair seminar keçirilib.

Virtualaz.org saytının tədbirdə iştirak edən müxbiri xəbər verir ki, layihənin eksperti Samir İsayev aparılan monitorinqə dair hesabatı təqdim edib.

S.İsayevin sözlərinə görə, monitorinq əsasən Xaçmaz, Sumqayıt və Bakıda aparılıb: “Monitorinq beynəlxalq standartların tələb etdiyi meyarlara əsasən aparılıb. Çimərliklərin ən əsas problemləri orada suyun keyfiyyəti, lazımi ekoloji qaydalara riayət olunması, fövqəladə hallarda zəng edilməli olan nömrələr, tullantıların hara atılması, dəniz suyunun dibi barədə məlumatların əks olunduğu lövhələr yoxdur. Çimərliklər yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin idarəetməsindən kənardır. Ayrı-ayrı otellərin nəzdindəki çimərliklərdə vəziyyət qənaətbəxş olsa da digərlərində durum pisdir”.

Hesabatı təqdim edən layihə rəhbəri vurğuladı ki, beynəlxalq təcrübənin tamamilə əksinə olaraq Azərbaycandakı çimərliklərdə duş kabinələri və tualetlər üçün ayrı-ayrılıqda pul alınır: “Buna baxmayaraq hər ikisində vəziyyət çox pisdir, sanitar tələblərə cavab vermir. Hətta bir çimərlikdə tualetin düz yanında təndir çörəyi bişirilir. Çimərlik ərazisindəki zibil qutuları da dolub daşsa da mütəmadi təmizlənmir”.

Beynəlxalq təcrübəni əsas göstərən Samir İsayev bildirdi ki, sanitar tələblərlə yanaşı Azərbaycandakı çimərliklər digər beynəlxalq tələblərə də cavab vermir: “Dünyanın heç yerində çimərlikdə kabab çəkilmir, samovar çayı içilmir. Kamp qurma qaydaları ayrılıqda tənzimlənir. Bütün ölkələrdə çimərlik ətrafındakı kafe-restoranlar dənizdən 50-100 metr kənarda yerləşir. Bizdə isə cəmi 3-4 metr məsafə var. Ən önəmlisi isə Azərbaycan çimərliklərində fiziki imkanları məhdud vətəndaşlar üçün lazımi şərait yoxdur”.

Geri dön