Ana Sayfa > Xəbər > Dollar və manat- kim kimi yoracaq?

Dollar və manat- kim kimi yoracaq?


24-02-2016, 10:27. Yazar: admin
Dollar və manat- kim kimi yoracaq?
Son günlər manatın dollara nisbətən cüzi bahalaşması müşahidə edilir. Bu, çox kiçik rəqəmlər olsa da, ekspertlər bununla manata olan psixoloji basqıların nisbətən azalacağını güman edirlər. Bildirilir ki, Mərkəzi Bankın manatı gündəlik bir qəpiyin onda biri qədər bahalaşdırması yaxın gələcək üçün nəzərdə tutulub və manata etibar qazandırmaq məqsədi güdür.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, manatın cüzi olaraq ucuzlaşması uzunmüddətli dövrdə iqtisadiyyat, yaxud bank sistemi üçün yaxşı heç nə vəd etmir: “Təbii ki, indiki vəziyyətdə, özü də iki devalvasiyadan sonra istənilən hakimiyyət istəyər ki, milli valyutanın ucuzlaşması dayansın. Yəni hakimiyyət istəyir ki, manatın ucuzlaşması dayansın, xalq milli valyutaya etibar etsin.

Çünki əks halda, iqtisadi vəziyyət daha da pisləşə bilər. Həm də ki, ümumiyyətlə, Mərkəzi Bank haqqında qanuna görə, manatın sabitliyi, qiymətlərin sabitliyi Mərkəzi Bankın əsas məqsədidir. Buna görə ona əməl etməlidir. O baxımdan, aydındır ki, manatın sabitliyi qorunmalıdır. Amma digər tərəfdən də sabitlik nəyin hesabına qoruna bilər? Yalnız xarici gəlirlərimiz, yəni xarici valyutada olan gəlirlərimiz azalmasa, ümumiyyətlə iqtisadi inkişafla bu, ola bilər. Yəni milli valyutaya etimadın bərpası və sair məsələlərlə bu, ola bilər. Mərkəzi Bank təəssüf ki, manatın cüzi bahalaşması ilə bağlı səbəbləri, statistikanı tam açıqlamadığı üçün bilmirik manatın bahalaşmasını hansısa obyektiv meyara görə edir, yoxsa suni meyarlara görə. Amma müəyyən mənada ola bilər ki, manat cüzi bahalaşsın. Misal üçün, son məlumat budur ki, dünya bazarlarında Azərbaycan neftinin qiyməti 7 faiz qalxıb.

Bu, artıq o deməkdir ki, haradasa bir az bizim valyuta ehtiyatlarımız artır. Artırsa, təbii şəraitdə Mərkəzi Bank manatın bahalaşmasına gedə bilər. Amma ümumən isə cüzi artımlar heç nəyi dəyişmir. Uzaq perspektivdə heç nə dəyişmir. Yəni aydındır ki, manatın qiymətinin artması ehtimalı qətiyyən yoxdur. Ən azı, bir il ərzində yoxdur. Amma manatın ucuzlaşması ehtimalı var. Bunun qarşısını almaq olar. Burada bəzi səbəblər bizdən asılıdır, bəzisi yox. Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması baş verməsə, daxildə iqtisadi müəyyən artım olsa, qeyri-neft sektoru, sahibkarlıq üçün şərait və sair aparılsa, Mərkəzi Bank düzgün, savadlı siyasət həyata keçirə bilsə, bəlkə də devalvasiya cüzi olacaq. Amma bunlar olmasa, kəskin devalvasiya ehtimalı qalır. Vəziyyət daha da pis ola bilər”.

Ekspert Rəşad Həsənov isə qeyd edib ki, Mərkəzi Bank üzən məzənnə rejiminə keçid elan etsə də, faktiki olaraq manatı stabil saxlamağa çalışır. Yəni Mərkəzi Bank inzibati addımlarını davam etdirir. Ekspertin sözlərinə görə, manatın cüzi bahalaşması kimi hərəkətlər ona hesablanıb ki, əhalinin psixoloji vəziyyətindən, devalvasiyadan sonra yaranmış vəziyyətdən istifadə edərək əhalinin əlində olan valyutanın müəyyən qismini Mərkəzi Bank dövriyyəyə cəlb etsin və qazansın. Yəni Mərkəzi Bankın atdığı addımlar onu göstərir ki, faktiki olaraq ölkəyə xarici valyuta axınının artmadığı, əksinə, azaldığı bir dövrdə, manatın məzənnəsinin möhkəmləndirilməsi siyasətinin həyata keçirildiyi görüntüsünü yaratsın. Manata olan psixoloji basqıları dayandırsın.

Geri dön