Ana Sayfa > Xəbər > Cənub küləyinin təsiri

Cənub küləyinin təsiri


3-12-2015, 11:33. Yazar: admin
Cənub küləyinin təsiri
İranla tanışlığım uzaq bir tarixdən, müharibə dövründən başlayır. Bu haqda bir dəfə yazmışam, amma yeri düşüb, yenə yazım. 22 il əvvəl rayonumuz alınmışdı, biz də İmişlidə bir məktəbdə məskunlaşmışdıq. O vaxtlar iranlılar (aralarında farslar və güney azərbaycanlılar da vardı) bizə yardım gətirirdi. Araq içdikdən sonra ağızlarını yaxalayıb namaz qılan bu adamlar qaçqın şəhərciyində indiyə qədər yaşadığım ən dindar mühiti yaratdılar. Əslində orda olanlardan yadıma düşənlər və mənə danışılanlar o qədər çoxdur ki, bunu hansısa bir memuarın bir hissəsinə çevirmək olar. Uzun zaman sovet təsirində böyümüş adamların birdən-birə dini kitablara sarılmaları, bəzilərinin əba geyinmələri, iranlının xoşuna gəlsin və yardımı çox versin deyə saqqal saxlayanlar, təsbeh fırladanlar, iranlıların köçkünlərə payladığı sonsuz sayda yaşıl və qırmızı aftafalar, namaz qılmaq üçün düzəldilmiş amma içində qumar oynanılan hücrələr və sair və ilaxır.

Aralarında biri Şükür ağa (və ya ağayi Şükür) daha aktiv idi. Adamları başına yığır, Amerika əleyhinə təbliğat aparır, hətta yürüşlər-filan keçirirdi. Xülasə, İran agenturası boşluqdan istifadə eləyib sərhədlərinə yaxın ərazidə yaxşı işləyirdi. Əllərində bəhanə də vardı, "yardıma gəlmişik". Sonradan məlum oldu ki, yardım üçün gələn bu xeyirxah və əməli-saleh insanlar əslində özləri ilə tikanlı məftil də gətiriblər. Gözləyirmişlər ki, Azərbaycan parçalansın, bunlar da ordu yeridib əllərinə keçən qədər torpaq tutsunlar. Tikanlı məftili isə bir neçə nəfər görüb, hələ Allah bilir, başqa nələr gətiriblər.

Şiələrin ikinci böyük mühitini Gəncədə yaşayanda gördüm. Gəncə Azərbaycanda şiəliyin mərkəzlərindən biri olduğundan orda da Aşura günü xüsusi qeyd olunur, insanlar kütləvi şəkildə şəhər yaxınlığındakı İmamzadəyə gedirdilər. Bu şəhərdə dini məsələlərin İranla bağlılığı güclü görünmürdü. Şəhər çoxdanın şiə şəhəri idi, bu gün də Gəncədə ən güclü andlar "Qətl haqqı", "İmam haqqı", İmam Hüseyn haqqı", bu tip andlardır.

4 il əvvəl Güney Azərbaycana getdim, Təbrizdə, Urmuda, Ərdəbildə oldum. İranın özünəməxsus bir görüntüsü var. Küçələrin görüntüsü, divara yazılan yazılar, insanlar. Sərhədi keçəndən sonra hiss eləyirsən ki, sən artıq şərqdəsən. Ən birinci yollarda, evlərin divarlarında yazılan yazılar səni belə düşünməyə vadar edir, ölkənin içərilərinə doğru irəlilədikdə isə fərqliliyi daha dərindən anlayırsan. İnsanların özlərinəxas geyim tərzi, danışıqları, jestləri və s. Eyni paltarı bir qərbli və ya iranlı geysin, yenə də bu fərqi anlamaq olar. Bakıda güneyli bir dostum onları əlli addımlıqdan tanıyırdı, "bax, bu gələnlər iranlılardır" deyirdi, yanımdan keçəndə farsca danışdıqlarını eşidirdim.
Mən oralara gedəndə İran inqilabının ildönümü idi deyə şəhərlər daha da iranlaşmışdı. Xüsusi bayraqlar, dini rəhbərlərin şəkilləri, saqqallı əsgərlər və s. məni elə bezdirmişdi ki, sərhəddən keçəndə H.Əliyevin böyük portetini görən kimi sevinmişdim.

Tale Bağırzadə birinci dəfə həbs olunanda reportyor kimi Nardarana getdim, həmin mühiti yenidən gördüm. Nardaran "Bu qara bayrağa kim çəp baxarsa nəslini kəsərik" yazısının divara asıldığı yerdir. Dövlət ora çoxdan müdaxilə etməliydi, amma bu şəkildə deyil. Müdaxilə paytaxtın düz böyründə yerləşən bu kəndə qoşun yeridib, işğal olunmuş torpağı azad edirmiş kimi bayraq asmaqla olmamalıydı. Müdaxilə lap əvvəldən olmalıydı, insanları dini radikalizmdən çəkindirən ən gözəl vasitə ilə - təhsillə. İnsanlar məktəbə getməyə həvəsləndirilməliydi, yenə təkrar edirəm, paytaxtın düz yanında yerləşən bu kəndin başqa bir dövlətə meyllənməsinin, cənub küləyindən təsirlənməsinin, insanların onlar kimi danışmasının, onlar kimi düşünməsinin, onlar kimi görünməsinin qarşısı alınmalıydı, dövlət öz vətəndaşına bu cür davranmamalıydı.

İndiyə qədərki yazılarımızda bəlkə yüz dəfə demişik. Xalqı qəsdən təhsilsiz qoymaq zərərli nəticələrə yol aça bilər. Çünki bu ölkədə, hətta evinə zorla narkotik və ya “Molotov” kokteyli qoyulanda belə heç bir müqavimət göstərməyən, heç bir zorakı üsullardan istifadə etməyən müxalifətçilər kimi dinc və barışcıl olmayan insanlar var.

Yazar : Araz BAYRAMOV

Geri dön