Ana Sayfa > Manşet > Rizvan Vahabovun adı şərikinin ölümündə hallandırılır

Rizvan Vahabovun adı şərikinin ölümündə hallandırılır


2-06-2015, 17:01. Yazar: admin
Rizvan Vahabovun adı şərikinin ölümündə hallandırılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü, iş adamı Rizvan Vahabovun "Volbak-H" MTK-nın payçıları- Rzayev Ramiz Tələt oğlu, Bayramova Arzu, Qayıbova Fədayə, Əhədova Afət, Abdullayeva Sima Zəhra qızı, Davudov Yaşar Azad oğlu, Davudova Xoşqədəm (şəhid ailəsi), Xamiyev Rəşad Nərçə oğlu, Əhmədov Zamiq, Kazımov Adil Arif oğlu, Əsədov Anar Mahid oğlu, Hüseynova Təranə Həbib qızı və Hacıyeva Sevinc Nemət qızının başına gətirdiyi müsibət haqqında xəbər vermişdik.

Məsələdən məlumatı olmayan oxucularımız üçün bildirmək istəyirik ki, iş adamının qanunsuz əməllərinin nəticəsində bu insanların mülkiyyət hüquqları kobud şəkildə pozulub. "Bakı şəhəri Yasamal rayonu, 442-443-cü məhəllə ilə M.Muxtarov 145 və Ə.Hüseynzadə küçələrinin kəsişməsində "Günəş" İKF-ya təhkim olunmuş torpaq sahəsində Ticarət Mərkəzinin tikintisi nəzərdə tutulsa da, sonradan "Volbak" MMC-nin vəsaiti hesabına tikilmiş binanın təyinatı dəyişdirilmiş və həmin ərazidə yaşayış binası tikilmişdir. "Günəş" İKF Rizvan Vahabovun 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adına sənədləşdirilib. Buna baxmayaraq, "Günəş" İKF keçmiş rəis tərəfindən idarə olunur. Daha əvvəl isə bu şirkət sabiq məmur tərəfindən başqa bir sahibkardan qeyri-qanuni yolla alınıb. Sözün həqiqi mənasında milyonçu olan keçmiş məmur sərmayəsinin və mülklərinin böyük bir hissəsini qayınanasının adına rəsmiləşdirərək idarə edir. Rizvan Vahabovun Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villaları məhz 80 yaşlı Anna Qoloveşkinanın adına sənədləşdirilib", deyə məqalədə qeyd olunmuşdu. Apardığımız araşdırmalar nəticəsində keçmiş rəislə bağlı çox maraqlı və qandonduran faktları üzə çıxarmışıq. Başlayaq 2011-ci ilin iyulun 11-də saat 13 radələrində Bakıda törədilən qətl hadisəsindən. Xatırladaq ki, həmin tarixdə paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov isə ağır yaralanıb. Hadisədə təqsirli bilinən şəxslər - Hümbət Məmmədov, Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov və Vüsal Qurbanov həbs olunublar. Həbs olunan şəxslərdən Hümbət Məmmədov maraqlı açıqlamaları ilə diqqəti çəkib: "Mənə dedi ki, Hacı İbrahimə torpaq üçün vermiş olduğum 850 min dollar başqa yerə xərclənib. Əgər bunu kimsə bilsə, onu məhv edəcəklər. Narahat olduğumu görəndən sonra Əflatun mənə dedi ki, 580.000 dolları "Papanin"dən götürərsən. Onun İbrahim İbrahimovun bu əməlinin üstünü ört-basdır etməsi məni şübhələndirdi. Dedi ki, vaxtı gələndə deyərəm. Həqiqətən Hacı İbrahimin Əflatundan çəkindiyini indi başa düşürəm. Hacı əvvəlcə mərhumu əleyhimə döndərdi. Hər şey 2010-cu ildə məlum olmağa başladı. Guya Vaqif 2 milyon manat pul oğurlayıb. İşin üstü elə onda açıldı. Əflatun Piriyev mənə yaxınlaşıb dedi ki, Vaqifi tutdura bilməz. Səbəbini soruşdum. Mərhum dedi ki, Hacı İbrahim Rizvan Vahabovla 2005-ci ildə Rəsul Quliyevin gəlişi üçün pul verib. Hacı 600 min, Rizvan 300 min dollar verib. Rəsul Quliyev hakimiyyətə gələrsə, Rizvan neft şirkətinə prezident keçərsə, 30 milyon da əlavə verəcək. Əvvəlcə inanmadım. Sonra əlavə etdi ki, Hacı Əflatunun adına xüsusi sputnik telefonu alıb, həmin telefon vasitəsilə Rəsul Quliyevlə mütəmadi əlaqə saxlayır. Hətta dedi ki, verilən pulun 500 min dollarını şəxsən özü Rəsul Quliyevin adamlarına çatdırıb. Bu, həmin Rizvan Vahabovdur ki, neft şirkətində idarə rəisi işləyəndə Azərbaycanın külli miqdarda malını talayaraq özünə sərvət toplayıb. Onun hazırda bir neçə yanacaqdoldurma məntəqəsi, külli miqdarda pulu, əmlakı var. Həmin əmlaklar əvvəllər Dövlət Neft Şirkətinin balansında olub. Bütün bu əmlaklar onun rus milliyyətindən olan qayınanası Qoloveşkina Anna Sergeyevnanın adınadır. Bu əmlaklar bəs deyilmiş kimi, indi də o, mənim "Nizami" metrosunun arxasında tikdiyim binadan qeyri-yaşayış sahəsi almış vətəndaşların əmlaklarına saxta sənədlərlə göz dikib və həmin şəxsləri məhkəmələrdə incitməklə məşğuldur. İndi özünüz fikirləşin, kirvəm Əflatunun ölümü və mənim həbsdə yatmağım kimlərə sərf edir? Mənə, yoxsa Hacı İbrahimlə Rizvan Vahabova? Yəqin ki, həbsdə yatmağım mənə sərf edir, əks halda mən də həyatda yox idim". Göründüyü kimi, ARDNŞ-in keçmiş idarə rəisinin indiki iqtidarın əleyhinə xoşagəlməz fikirlər səsləndirən Rəsul Quliyevlə yaxın olması, ona maliyyə yardımlarında bulunması haqda ilginc iddialar var. H.Məmmədovun dediklərindən belə aydın olur ki, sözügedən iş adamı Rəsul Quliyevin hakimiyyətə gəlməsini istəyib və belə olacağı təqdirdə yüksək vəzifə alacağına ümid edib. Amma onların bu planı baş tutmayıb və tuta da bilməz. Deyəsən, Rizvan Vahabov hələ də anlamır ki, Azərbaycanın İlham Əliyev kimi güclü, iradəli prezidenti var. Onun kimi yüz dənə keçmiş məmur nəinki Rəsul Quliyevi, heç hazırda müxalifətdə təmsil olunan insanlardan kimisə hakimiyyətə gətirə bilməz. Çünki xalqın öz prezidentinə inamı, güvəni sonsuzdur. Sizi qınamırıq, Rizvan Vahabov. Vəzifədən çıxarılan məmurların bir çoxu sonradan gizli müxalifətçiliyə başlayır. Amma bu heç cür başadüşülən hal deyil. Vəzifədə olanda yaxşıdır, amma işdən kənarlaşdırılanda pis? Yazının əvvəlində vurğuladıq ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi - 145 ünvanında yerləşən yaşayış binasının sakinləri tikinti fırıldaqçılarının, konkret olaraq R.Vahabovun qurbanına çevrilib. Məhz bu məsələnin böyüməsindən sonra iş adamı ilə öldürülən Əflatun Piriyevin şərik olduğu müəyyənləşib. Məlumatlı mənbənin bildirdiyinə görə, şərikinin ölümündən sonra keçmiş rəis fəallaşaraq öz iddialarını irəli sürməyə başlayıb: "Hazırda 80 yaşlı qayınanası Anna Qoloveşkinanın adından istifadə edərək mənzil və obyekt sahiblərinə qarşı özbaşınalıq törədir. Guya ki, sözügedən binada 1800 kvadratmetrdən çox sahə onun adınadır. Özünü "Günəş İKF" MMC-nin təsisçisi kimi qələmə verən iş adamı mənzil və obyektlərə iddia etsə də, bunu təsdiqləyən heç bir sənəd ortaya qoya bilməyib. Ən başlıcası isə bu obyektlərin və mənzillərin alınmasını təsdiqləyən müqavilə və maliyyə arayışları yoxdur. İstənilən halda, kooperativlərdə alqı-satqı müqaviləsinə istisnasız olaraq maliyyə sənədi (qaimə, çek və ya kassa-mədaxil orderi) əlavə olunmalıdır. Üst-üstə dəyəri bir neçə milyon manat olan əmlak maliyyə sənədi olmadan kiməsə satıla bilməz. Bu adam hətta Bakı Şəhər İcra Hakimiyyətini də bina sakinlərinə mülkiyyəti təsdiq edən sənədlər verdiyi üçün məhkəməyə verib və hazırda o binada yaşayış iflic olub". Qayıdaq yenidən 2011-ci ilin ən səs-küylü qətl hadisəsinə. Qətllə bağlı DİN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatlarında bildirilirdi ki, Əflatun Piriyevi kooperativdə olan payını ələ keçirmək üçün öz şəriki Hümbət Məmmədov öldürtdürüb. Daha sonra bu ölüm işində Ə.Piriyevin şəriklərindən biri olan R.Vahabovun da adı keçməyə başlayıb. İddialara görə, sabiq məmur hüquq-mühafizə orqanlarındakı dayaqlarının sayəsində bu işdən təmiz çıxmağı bacarıb. Maraqlıdır ki, ARDNŞ-in Neft Kəmərləri İdarəsinin sabiq rəisinin barəsində bu qədər sərt ittihamların səsləndirilməsinə, faktların ortaya qoyulmasına və məhkəmə çəkişmələrinə baxmayaraq, onu məsuliyyətə cəlb etmirlər. Axı bu şəxsi qoruyan sehirli əllər kim(lər)ə məxsusdur? Bu bir yana qalsın, aidiyyəti dövlət qurumlarının nümayəndələri onun rus milliyyətindən olan qayınanasının adına sənədləşdirdiyi mülklərin siyahısını araşdırmırlar. Əgər bütün bu məsələlər araşdırılsa, bəzi qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Kim zəmanət verə bilər ki, Anna Qoloveşkinanın əsli-kökü gedib ermənilərə çıxmır?

Vurğulayaq ki, dünya siyasətinin görkəmli xadimlərindən biri olan, müstəqil Azərbaycanın dahi lideri Heydər Əliyevin uzun illər boyu çəkdiyi zəhmətin bəhrəsi olaraq bu gün hamımız demokratik, ədalətli və hüquq qaydalarının ciddi şəkildə qorunduğu bir cəmiyyətdə yaşayırıq. Ümummilli liderimizin böyük qayğı və sevgi ilə qurub yaratdığı bu dövləti qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin şərəf borcudur. Təəssüf hissi ilə qeyd etməliyik ki, uzun illərin və min bir zəhmətin hesabına başa gəlmiş quruculuq işlərinə bəzi məmurlar, iş adamları olmazın xələl gətirirlər. Təsəvvür edin, hörmətli prezidentimiz xalqın güzəranını, rifahını yaxşılaşdırmaqla, gecə-gündüz dövlət, ədalətli cəmiyyət quruculuğu ilə məşğul olduğu bir zamanda bəzi şəxslər, o cümlədən R.Vahabov şəxsi maraqlarını bütün ümumi maraqlardan daha üstün tutur. O "bəlkə də qaytardılar" xülyası ilə yaşayır. ARDNŞ-in Neft Kəmərləri İdarəsinin sabiq rəisi keçmiş əlaqələrindən və imkanlarından istifadə edərək mənzil və qeyri-yaşayış yeri sahiblərini öz mülklərindən istifadə etməyə imkan vermir, həmçinin vətəndaşların mülkiyyət hüquqlarını pozmaqla məşğuldur. Növbəti saylarımızda sabiq məmurun müxalifət sevgisi və milyonluq mülkləri haqda dəhşətli faktları açıqlayacağıq. Bizi izləməyə davam edin.

Mövzu ilə bağlı bütün tərəfləri dinləyə bilərik.

Geri dön